Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Həbsdən şikayət

Xaqani Şirvani - Həbsdən şikayət
Sakura

Xaqani Şirvani - Həbsdən şikayət

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,
Qərq olar qanda şəfəqtək çeşmi-giryanım mənim.

Qurmuşam qəm məclisi, yanmış söyüdtək indi, bax,
Mey süzür məndən mənimçün qanlı müjkanım mənim.

Yüz oyunbazlıq edər, narınca oxşar bu fələk,
Neyləyim səfra ilə odlanmasın canım mənim?

Ah oxumla hər səhər aldım hədəf, etdim şikar,
ol qoca qurdu ayaqdan saldı peykanım mənim.

Pas kimi sardı məni dövran ki, yandırsın, həmən,
Ah odumla yandı, his oldu o dövranım mənim.

Görmüsənmi ki, sarınsın bir çöpə, əfi ilan?
Əfidir zəncir, ayağım çöp, gedir canım mənim.

Bax, necə gör halqalanmış damənimdə əjdaha,
Qorxuram, tərpənsəm, agah olsun heyvanım mənim*.

Qorxmasın ta gözlərimin nənmisində cüt uşaq,
Əjdahanı gizlədər hər an bu damanım mənim*.

Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,
Çün Firidun xəznəsidir əqlü ürfanım mənim*.

Oxşayır kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim.

Paltarım xara, yaxam da göz yaşımla islanar,
Gizlədər Xara dağını rəxti-əlvanım mənim*.

Bu samanla torpağa dönmüş üzümdən göz yaşım,
Palçıq hazırlar, suvansın ta ki, zindanım mənim.

Şam kimi diş-diş olubdur qıçlarım zəncirdə,
Çeynəmiş sanki qıçımı qanlı dondanım mənim.

Qütbtək saxlar məni çarmıx dəyişməz nöqtədə,
Bu Zühəlsima iki Mərrix zənəb-sanım mənim*.

Surtək saldı fəğanım göylərə min vəlvələ,
Bu dəmir kürsüdə olcaq saqi-lərzanım mənim*.

Söykənib divarına zindanın, üz tutdum göyə,
Asimantək güllər açdı çeşmi-giryanım mənim.

Qoz içitək möhnət ilə mən dayandım üz-üzə,
Bağlıdır fındıq kimi zindanda hər yanım mənim.

Gündüzüm qəmlə, gecəm hey "Allah, Allah"la keçər,
Dinləməzmi naləmi o həyyi-sübhanım mənim?

Eylə qorxuncdur bu zindanda mənim hər bir gecəm,
Qorxudar məhşər gününü xovfi-zindanım mənim.

Yüz hasar olsa, aşar ahım və mütləq söndürər,
Şəmini bədxahların, bilsin nigəhbanım mənim.

Nəzr edib, tutdum oruc Məryəm kimi, Məryəmsifət,
Cəbraildən doğdu İsa, pak vicdanım mənim.

Xəstə bir qəlb ilə mümkünmü tutam mən də oruc?
Çün oruc batil edər gözdən axan qanım mənim.

Ağzıma iftar vəqti isti göz yaşım axar,
Yoxdur ondan başqa bir iftara imkanım mənim.

Sanki sevdalı başım etmiş bəlayə mübtəla,
Qıçlarımı saldı işdən indi rəhbanım mənim.

Dağ dəmir hər dərdə dərmandır deyirlər, ah ilə,
Qızdı zəncirim ayaqda, oldu dərmanım mənim.

Deyləmi gördüm gözümlə, nizəyə döndü tüküm,
Qıvrılıb Deyləm tükütək cismi-piçanım mənim.

Bir rübabə oxşaram, kasəm, xəzinəm boş qalıb,
Boynuma kəndir salıb zülm ilə düşmanım mənim.

Danə qoydum ovcuna - gördükdə bir hindu qadın,
Tapmadı, əfsus, o falçı - harda xırmanım mənim.

Zərtək itmək, gül kimi solmaqdan əsla qorxmuram,
Dilsizəm pərvanətək, çıxmaz bir əfganım mənim.

Əldə hər gül hər qızıl əğlə tikandır, qoymaram,
Bir tikana seyd ola əqli-süxəndanım mənim.

"Zər" sözündə iki hərf var - qovuşmaz heç zaman*,
Razı ollammı qovuşsun zərlə vicdanım mənim?

Samiri tiynətliyəm, Musa təbiət olmaram,
Bir buzov dırnağı olsun möcüzə kanım mənim.

Həsrətəm yayda söyüd yarpağına, qədrimə bax,
Oldu Tuba şaxəsindən yayda yelpanım mənim.

Xurma yarpağı mənəm, yelpazə eylərlər məni,
Çün sərin ahım dodaqda titrədər canım mənim.

Oxşaram müşkə, məni gər yüz hasara salsalar,
Çulğayar dünyanı öz ətrilə reyhanım mənim.

Müşkə kimüxt üz tutub, bir gün dedi rişxənd ilə:
- Sən nə çirkinsən, varımdır rəngi-əlvanım mənim.

Tez cavabında dedi müşk: - Ey həyasız, az danış!
Ətrim ilə oldu dünya xoş gülüstanım mənim.

Güzgütək zahirdə parlaqsan, içindir qapqara,
Kimyayəm, zahirimdən xoşdu pünhanım mənim.

Kəbəyəm, cümlə mələklər səcdə eylərlər mənə,
Çünki İsa tirməsindən oldu xüftanım mənim.

Məskənim çirkin de olsa, xatirimlə gövsərəm,
Cənnətlə mərac üçün vardır hər imkanım mənim.

Kütbeyin düşmən mağara axtarır gizlənməyə,
Hər biri olmuş, odur, quli-biyabanım mənim.

Abinusam mən, sədəflə batmışam dəryalara,
Olmaram çöp, üzdə olsun kəfiə cövlanım mənim.

Əql məndə, feyz məndə, qəlbü can da məndədir,
Aləmin həqqi nədir ki, verə fərmanım mənim.

Ülviyəm, ruhaniyəm, qeybi doğuldum qüdsdən,
Qoy bunu inkar qılsın xəsm-nadanım mənim.

Şirnim olmuşdur şəriət, nənmim - insaf, dayəm - əql,
Oldu dörd ünsür anam, ülviyyət ərkanım mənim.

Səbrlə doldu təbiət dayəsinin döşləri,
Ki, təriqət oldu aləmdə dəbistanım mənim.

Həm Xəlilüllah kimi oldu atam nəccar Əli,
Məryəmə bacı olub tərsa anacanım mənim.

Gəlmişəm dünyaya mən beylə gözəl, saf çeşmədən,
Xəlq olub ol çeşmədən gövhərli ümmanım mənim.

Fəqr bətnində yetişdim, nitq əli oldu mamam*,
Oldu yurdum elmü ürfan yurdu - Şirvanım mənim.

Fırfira fırlatmadım qəflət üzündən bir kərə,
Çünki hər an valideyn olmuşdu pasbanım mənim.

Nər dəvəm noğalanızı dadmamışdır sizlərin,
Dolmamış xamlar əlilə kisəm, həmyanım mənim.

Qoy vəbalım düşsün hurilər, mələklər boynuna,
Bakirə meynə qanından dolsa peymanım mənim.

Mey içərsəm də, rəvadır, çün dünən vermiş peşin,
Zəhmət həqqimi mənə cənnətli dehqanım mənim.

Sağərim alsın deyə, torpağa düşdü ruhlər,
Ta behişt içrə içilsin qırmızı qanım mənim.

Nurlu "Quran"la qara daşı gərək hər an öpüm,
Tutsa da gövsər kimi dünyanı ehsanım mənim.

Nitq gənci sahibi, söz mülkunün xaqaniyəm,
Vardır hər bir kəlmədə yüz gənci-xaqanım mənim.

Bax, əlim - Cövza, qələm - Hut oldu, məna –
Sünbülə, Sünbülə Hutdan doğar, Cövza – qələmdanım mənim*.

Yeddi ölkədə yazarsa kimsə iki beytimi, Kafərəm,
Darül-Qəmamə - darul-imanım mənim*.

Bu-ləhəblərlə döyüşməkdən nə qorxum dəhrdə,
Mustafanın mehri olmuş əldə qalxanım mənim*.

Qasimi-Rəhmət, Əbülqasim, Rəsulüllahdır,
Canıma, əqlimə sahib, şanlı sultanım mənim*.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR