Slimfit
  1. MARAQLI

Qadınlar ön cəbhədə

Qadınlar ön cəbhədə
Sakura

Qadınlar ön cəbhədə

ABŞ, tarixdə ilk dəfə olaraq öz Silahlı Qüvvələrindəki bütün sahələrin qapılarını qadınlara açıb. Bəs görəsən, daha hansı ölkələrdə qadınlar hərb yükünü çiyinlərinə götürürlər?

Müdafiə naziri Ash Carter 2016-cı ildən bütün döyüş rollarının qadınlar üçün açıq olduğunu bəyan etdikdən sonra, qadınlar ABŞ Silahlı Qüvvələrinin sıralarında, ön cəbhədə döyüşə biləcəklər.

Ötən avqustda xüsusi əməliyyatlar birləşməsindən məzun olmaqla iki əsgər qadın adlarını ABŞ tarixinə yazmışdılar.

Kapitan Kristen Griest və kiçik leytenant Shaye Haver Ordu Atıcılıq Məktəbində 61 günlük sərt təlim kursunu keçmiş, kişi hərbçilərlə eyni fiziki tələblərə cavab vermişdilər.

Əslində, Müdafiə Nazirliyinin qərarı qadınlar üçün silahlı qüvvələrdəki məhdudiyyətləri azaltmaq istiqamətində üç ildir ki, davam edən prosesin yekunu olub. Carter deyir ki, bu, 220 min nəfərə imkanlar açacaq.

Buna baxmayaraq, qadınların müasir hərbdəki rolu ziddiyyətli məsələ olaraq qalır və bir çoxları iddia edirlər ki, qadınlar birbaşa döyüş əməliyyatlarından kənarda olmalıdırlar, beləki qarışıq cinsli hərbi birləşmələr, yalnız kişilərdən ibarət birləşmələrdən daha az qabiliyyətli olur.

Amma ABŞ ön cəbhədə olmaq istəyən qadınlara qapıları açan yeganə ölkə deyil.

 

Sənayeləşmiş ölkələrin əsgərləri

Əsasən Şimal yarımkürəsində olmaqla, iyirmiyədək ölkə qadınlara döyüş vəzifələrinə tam giriş verib. Bu ölkələrdən bəzilərində bu imkan artıq 10 ildən çoxdur ki, mövcuddur.

Bu sahədə indiyədək ən mükəmməl rəy sorğusunu 2010-cu ildə Britaniyanın Müdafiə Nazirliyi keçirib.

Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, Polşa, Rumıniya, İspaniya, Hollandiya və İsveç qadınların “yaxın döyüş əməliyyatlarında” iştirakına icazə verir. Bu siyahıya Eritreya və İsraili də əlavə etmək olar. Bundan əlavə, Şimali Koreya, Sinqapur, Litva və Estoniya da qadın döyüşçüləri müxtəlif vəzifələrə qəbul edir.

Qadınlar üçün ön cəbhə postlarının təfsirində deyilir ki, “qadınlar düşmənlə onlara verilmiş fərdi və ya ekipaj silahı ilə döyüşəcək, düşmən atəşi qarşısında olacaq və onların düşmən qüvvələrin şəxsi heyəti ilə yaxın fiziki təmas ehtimalı çox yüksək olacaq”.

Kanada 1989-cu ildə qadınların ön cəbhədə iştirakına icazə vermiş ilk ölkələrdən biridir. Bundan əvvəl İnsan Haqları Tribunalı qadınların Kanada Silahlı Qüvvələrinə tam inteqrasiyası üçün “mümkün qədər sürətli tədbirlərin” görülməsi barədə hökm çıxarmışdı.

 

Lakin sualtı qayıqlarda xidmət 2000-ci ilədək qadınlar üçün əlçatmaz idi və ilk qadın kapitanın Kanada döyüş gəmisinə rəhbər olması üçün daha üç il vaxt lazım gəlmişdi.

Buna baxmayaraq, Kanada Silahlı Qüvvələrinin 2014-cü il üçün statistikasına görə qadınların hərb işində ümumi iştirakı 15 faizi keçmir.

Norveç də hərbiyyədə gender fərqini aradan qaldırmağın, necə deyərlər, ön cəbhəsində olub. Ölkə 1985-ci ildə qadınların bütün döyüş amplualarında iştirakına icazə verən ilk NATO üzvü kimi tanınır. Norveçin bərabər imkanlara dair qanunlarına görə qadınlar, sualtı döyüş qayıqları da daxil, bütün cəbhə postlarını tuta bilərlər.

Norveç də İrlandiya kimi qadınların xüsusi təyinatlı qüvvələrdə iştirakına icazə verən azsaylı ölkələrdəndir.

“Ümumi rəy belədir ki, qadınların iştirakı əməliyyatların səmərəsini artıra bilər” – deyilir Norveç Müdafiə Qüvvəsinin məramnaməsində.

 

Bərabər qabiliyyət nümayişi

Bundan bir neçə il sonra Danimarka və İsveç də “tam inteqrasiya” siyasətini qəbul etmişdilər və bildirirdilər ki, Danimarkanın apardığı tədqiqat “qadınların da quru qoşunlarının əməliyyatlarında kişilər qədər yaxşı iştirak edə bildiklərini” aşkara çıxarıb.

İsraildə isə cinsindən asılı olmayaraq hər bir vətəndaş üçün hərbi mükəlləfiyyət mövcuddur. Ali Məhkəmə 1995-ci ildə 23 yaşlı Cənubi afrikalı pilotun ayrı-seçkiliyə dair işi barədə hökm çıxardıqdan sonra, ölkə qadınların ön cəbhədəki vəzifələrə təyinatını həyata keçirir.

Sözü gedən qadın İsrailə mühacirət edərkən artıq uçuş lisenziyası var idi, lakin onu qadınların ön cəbhədə döyüşməsini qadağan edən qanun əsasında hərbi hava qüvvələrinə qəbul etmirdilər.

Bu arada Almaniya Silahlı Qüvvələri – Bundesver ölkə konstitusiyasına düzəlişin ardınca 2001-ci ildə qapılarını qadınlar üçün açıb.

Almaniya qadınların birbaşa döyüş birləşmələrində iştirakına uzun müddət müqavimət göstərib. Lakin dəyişiklik qadınların səfərbərliyində dərhal artıma səbəb olub.

 

Lakin cəbhə xəttindəki bu gender bərabərliyinin təntənəsi uzun sürməyib. Federal Müdafiə Nazirliyinin keçirdiyi rəy sorğusunda bəlli olub ki, hərbi xidmətdə olan qadınların yalnız yarısı, imkan olsa, bir də bu peşəni seçəcəyini bildirib.

Fransa, Rumıniya və Polşada da qadınların ön cəbhədə iştirakı zəif olaraq qalır.

Qadınların piyadalar da daxil, döyüş postlarını tutmasına qadağanı 2001-ci ildə ləğv etmiş Yeni Zelandiyada da döyüş əməliyyatlarında iştirak etmək istəyən qadınların sayı çox deyil.

2013-cü ilin yanvarında Avstraliya da öz qonşusundan nümunə götürüb. Bunun ardınca dərhal 60-dək qadın döyüş postlarına ərizə verib. Onlar Əfqanıstanda dislokasiya edilmiş xüsusi əməliyyat birliklərinə göndəriliblər.

Buna baxmayaraq, Avstraliyada qadınlar hərbi sahədə olanların 14 faizini və əməliyyat aparan qoşunlardakıların 10 faizini təşkil edirlər.

Debat

Qadınların hərbdə iştirakının 4 min illik tarixi olsa da, onların döyüş meydanlarındakı rolu mübahisəli məsələ olaraq qalır.

Qadınların müharibə dəhşətlərindən kənarda qalmalı olduqlarını iddia edənlər, bir qayda olaraq iki cins arasındakı fiziki fərqləri və əks cinsin döyüş meydanında olmasının mənfi təsirini əsas gətirirlər. Bir də, yalnız klişiləri döyüş qabiliyyətli hesab edən ənənə vardır.

Digər tərəfdən, bir çoxları qadınların ön cəbhədə olmamasını, dərinə işləmiş seksizm əlaməti və silahlı qüvvələrdə ayrı-seçkilik kimi görür, qadınların əsrlərdir ki, müharibələrdə döyüşdüyünü vurğulayırlar.

Britaniya ordusunda tam kişilərdən ibarət döyüş eskadronuna komandirlik edən ilk qadın – mayor Judith Webb deyir ki, qadınlar “fiziki baxımdan kişilərdən fərqlidirlər”. O bildirir ki, “zəif əsgərlərin uzun müddət ərzində iştirakı bizim döyüş səmərəliliyimizə mənfi təsir göstərə bilər”.

Lakin indiyədək Britaniya ordusunda xidmət etmiş ən yüksək rütbəli qadın – briqada generalı Nicky Moffat belə yanaşmanı “nigarançılıq donu geyindirilmiş cinsi ayrı-seçkilik” adlandırır.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR