Hazırda Ermənistanda vəziyyət siyasi böhran həddindədir
Hazırda Ermənistanda vəziyyət siyasi böhran həddindədir.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan vəzifəsindən istefa verib, Prezident Armen Sərkisyan isə Moskvanın bilavasitə dəstəyi ilə həm Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində, həm də ölkənin idarə edilməsində mühüm rıçaqları ələ keçirib:
“Hətta seçkilər qurtarana qədər danışıqlar prosesinə Armen Sərkisyanın başçılıq edəcəyi ilə bağlı fikirlər səsləndirilməkdədir. Moskvanın da bu məsələdə onu müdaifə edəcəyi bildirilir. Rusiya nə qədər desə ki, bu münaqişə Ermənistan və Azərbaycan arasında həll edilməlidir, hamı bilir ki, Moskvanın mövqeyi həlledicidir. Bu məsələdə güzəştin miqdarını Kreml müəyyənləşdirir”.
Politoloq vurğulayıb ki, bu nöqteyi-nəzərdən Paşinyanı yaxşı tanımaq lazımdır:
“Paşinyan tipik erməni millətçisi və hətta şovinizmə meyil edən radikal dünyagörüşlü bir şəxsdir. Paşinyan demokratiya haqqında müxtəlif bəlağətli ifadələr işlətsə də, Dağlıq Qarabağ və Azərbaycana münasibətdə çox radikal və uzağa gedən fikirlər səsləndirir. Məsələn, o, Ermənistanda terrorizmə meyil edən radikal qruplaşmaların fəaliyyətinə azadlıq verib. İndiyə qədər onlar nəzarət altında idisə, indi belə deyil. Bu qruplaşmaların ideologiyasında çox böyük ərazilərin Ermənistana “qatılması” kimi sərsəm ideyalar var. Onlar Naxçıvanı da, Azərbaycanın Kürə qədər ərazilərini də “Böyük Ermənistanın” tərkib hissəsi kimi görür. Yəni radikal millətçi qruplaşmaların Paşinyan dövründə fəallaşması onu göstərir ki, Paşinyan heç də “sülh göyərçin”i deyil. Bu insan küçədən gəlmiş və siyasi baxımdan formalaşmamış tipik erməni millətçisidir”.
Politoloq vurğulayıb ki, Paşinyanın guya Qarabağı geri qaytaracağı ilə bağlı iddialar səsləndirilir:
“Bunlar da daxili-siyasi mübarizədən doğur. Hazırda Ermənistanda seçki ərəfəsində ciddi qarşıdurmalar və siyasi mübarizələr gedir. Tərəflər bir-birini seçicilərin gözündən salmağa çalışır. Ümumiyyətlə, Paşinyana ünvanlanan ittihamların içərisində isə belə fikir formalaşıb ki, guya hakimiyyətini möhkəmləndirdikdən sonra o, Qarabağdakı işğalçı erməni ordusunu geri çəkə bilər. Zənnimcə, ermənilər Dağlıq Qarabağ deyəndə onun ətrafındakı 7 rayonu nəzərdə tutur”.
Politoloqun sözlərinə görə, Azərbaycan qeyd-şərtsiz öz torpaqlarını geri qaytaracaq:
“Azərbaycan hərb yolundan istifadə etmək bahasına da olsa, ərazi bütövlüyünü bərpa edəcək. Amma ermənilərdən bu istiqamətdə hər hansı bir konstruktiv addım gözləmək sadəlövhlük olardı. Hələ ki, ABŞ-ın möhləti bitmiş səfirinin 7 rayon haqqında səsləndirdiyi fikri Ermənistanı qarışdırıb. Ermənistanda seçkiqabağı səsləndirilən və bir-birinin ifşasına yönəlmiş fikirləri isə ciddiyə almağa dəyməz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət