Nazir: 'Bəzi şirkətlər Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya…
"Əgər bərpa olunan enerji mənbələrindən il ərzində 1 milyard kilovatsaat elektrik enerjisi istehsal edə bilsək, bu, ildə bizə, təxminən, 245 milyon kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək".
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, proqnozlar da bərpa olunan enerji mənbələrinin dünya üzrə elektrik enerjisi istehsalında payının 2050-ci ilə qədər 26%-dən 85%-ə qədər çatacağını göstərir.
O, məlumat verib ki, Azərbaycan Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncamı ilə institusional islahatların aparılması, bu sahənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi və rəqabət mühitinin yaradılması məqsədilə yeni mərhələyə start verilib: “Bu sərəncamın mühüm istiqamətlərindən biri bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflər hazırlanıb”.
O, məlumat verib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi işlənilib. Nazir qanun layihəsinə hazırda müvafiq dövlət qurumlarında baxıldığını, razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcəyini bildirib: “Bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərin seçilməsi, ekoloji qiymətləndirmə və həmin ərazilərdə enerji infrastrukturunun təmin edilməsi üzrə hazırlıq tədbirləri davam etdirilir. BP, TOTAL, “Masdar,” “Akwa Power” və bir sıra digər tanınmış şirkətlərlə bu sahədə sıx əməkdaşlıq həyata keçirilir. Ümumilikdə, 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən şirkətlər bizimlə əməkdaşlıq etməyə hazırdırlar və biz bu əməkdaşlığın ölkəmiz üçün faydalı olması üçün səy göstəririk. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində iri həcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim ediblər. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət