Slimfit
  1. ƏDƏBİYYAT

Mikayıl Müşfiq - Kəndli və ilan

Mikayıl Müşfiq - Kəndli və ilan
Sakura

Mikayıl Müşfiq - Kəndli və ilan

Qaranlıq örtülərin 
İçində dərin-dərin
Uyuyan yorğun gecə
Xoruzlar ötüşüncə,
Diksinərək oyandı,
Yandı dan yeri, yandı.

Ulduzlar axdı keçdi,
Həsrətlə baxdı keçdi.
Kirəmidləri bayquş
Qanadından qoyulmuş
Daxmalar üzə çıxdı,
Yollar gündüzə çıxdı.
Ağaclar sərin-sərin
Əsən xəfif yellərin
Titrədi nəfəsiylə.
Quşların nəğməsiylə
Ətirlədi hər yeri
Sabahın çiçəkləri.
Kənddə ucaldı səslər;
Qalxdı, alçaldı səslər.
Həyat bir qanad çaldı,
Kəndi səs-səmir aldı.
Qalxdı çoban ayağa,
Sürünü yaydı dağa;
Çaldı bir incə bəstə.
Kəndlilər dəstə-dəstə
Kənddən uzaqlaşdılar;
Əkinə yaxlaşdılar.
Fəqət əkin, nə əkin...
Hamının ruhunda kin...
Oraq keçməyir işə,
Hamı düşmüş təşvişə:
“Bu il aclıq olacaq,
Gül yanaqlar solacaq”.
Deyə söhbət edirlər,
Tez-tez fikrə gedirlər.
Sünbüllər qarış-qarış...
Hər nəzərdə yalvarış...
“Allaha pənah” deyə
Baxırlar sağır göyə.
Ordan bir səs gəlməyir;
Ruhları yüksəlməyir.
Hamı kədərli, həzin...
Sürünüb dizin-dizin
Yolurlar sünbülləri;
Qabarlanmış əlləri.
Getdikcə göydən günəş,
Yağdırır yerə atəş.
Hamı qan-tər içində,
Dərin dərdlər içində.
 
Boyda-buxunda uca,
Çolpan adlı bir qoca
Buraxdı tarlasını;
Gələcəyin yasını
Qəlbində duya-duya,
Başında qara xulya,
Bir az dincəlsin deyə
Endi sərin dərəyə.
Əvət, gözəldir dərə,
Gözəldir bu mənzərə.
Gözəldir çağlayaraq
Qıvrılıb axan irmaq.
Gözəldir bu çiçəklər,
Bəzəkli kəpənəklər
Gözəldir bu ötən quş-
Bir çiçəyə vurulmuş.
Gözəldir yerdə otlar,
Göy üzündə bulutlar.
Gözəldir dağ, daş, orman,
Gözəldir, əvət, hər yan.
Fəqət Çolpan qəmlidir,
Baxışı şəbnəmlidir.
Bu gözəlliklər onu,
Onun sınıq ruhunu
Aça bilməyir fəqət.
Onun bu il təbiət
Kəndli qəlbini sıxmış;
Əməyi boşa çıxmış.
Çolpan bir az dincəldi,
Yenə tarlaya gəldi.
Sürünüb dizin-dizin,
Çalışdı həzin-həzin.
Nə gördü birdən, aman!...
Qarşısında bir ilan...
Bir az geri çəkildi.
Baxışları dikildi
Heyran-heyran ilana,
Adam vuran ilana.
İlan onu görüncə,
Qıvrıldı incə-incə.
Çolpan vurmaq istədi,
Ürəyində “yox!” dedi.
Vaz keçdi acığından,
Sonra dağarcığından
Aldı bir parça çörək,
Əsərək, titrəyərək,
Atdı ilana sarı.
Ilan da ona sarı
Atdı böyük bir qızıl,
Çolpanın parıl-parıl
Yandı solğun gözləri;
Yaşla dolğun gözləri
Oynadı sevincindən.
Taxılların içindən
Parlayıb xışıl-xışıl,
Qayıtdı getdi ilan,
Gör, nələr etdi ilan...
 
Artıq günəş üfüqdə,
Sarı, solğun boşluqda
Gülürdü lalə kimi,
Qızıl piyalə kimi.
Buludlar dəlik-dəlik,
Qurubda bir pənbəlik...
Üfüq çox düşüncəli,
Xilqətin gizli əli,
Yerə yayır kölgələr;
Dumanlanır ölkələr...
Sakitdir şəffaf sular,
Gümüş kimi saf sular.
Tutularaq kədərə,
Dalğınlaşır dağ, dərə.
Bu axşm Çolpan ancaq
Üfüqlərə dalaraq,
Gözü, könlü sevincək,
Evə dönür gülərək.
 
Sabah adəti üzrə
Şəfəq altun tüllərə
Bürünüb gülən zaman
Ayağa qalxdı Çolpan.
Yenə getdi biçinə;
Əkinlərin içinə
Girərək həzin-həzin,
Sürünüb dizin-dizin,
Yolurdu sünbülləri.
Qabarlanmış əlləri...
Günış qızınca yenə
Çolpanın gözlərinə
Haman ilan göründü.
Yavaş-yavaş süründü
İlan Çolpana sarı.
Çolpan da ona sarı
Qorxa-qorxa əsərək,
Atdı bir parça çörək,
İlan qıvrıldı birdən,
Çolpana atdı həmən,
Bir parça sarı qızıl.
Çolpanın parıl-parıl
Yandı gözləri, yandı.
Xəyalı işıqlandı.
Parlayıb işıl-işıl,
Sürünüb xışıl-xışıl,
Qayıtdı getdi ilan,
Gör nələr etdi ilan...
Ha belə bir neçə gün
Sirrini düşündüyün
İlan ilə Çolpanın,
Çolpan ilə ilanın
Sevdası davam etdi,
Bunu hər kəs eşitdi.
 
Bir gün Çolpanı artıq
İşdən qoydu xastalıq.
Xəstəliyi ağırdı;
Öz oğlunu çağırdı.
Dedi:- “Mehriban oğlum,
Sözümə baxan oğlum!
Sabah sən get əkinə.
O ilan gəlsə yenə,
Saqın, toxunma, çünki
Evimizə bu günki
Şənliyi verən odur,
Bizi güldürən odur.
Gəlsə, çörək verərsən,
Gülər üz göstərərsən”.
Sabahı, bilsəydiniz,
Onun oğlu Eldəniz
Necə gəldi biçinə,
Say yoxdu sevincinə.
Sonra çıxdı dağlara,
Baxdı şən irmaqlara.
Ətrafı seyrə daldı,
Bir müddət orda qaldı.
Yerlər, göylər açıqdı;
İlan yuvadan çıqdı;
O, qızmış, qıvrılırdı,

Yazıq oğlanı vurdu.
Gün keçdi, axşam oldu,
Hər şeyin rəngi soldu;
Hər tərəf kölgələndi,
Qaranlıq endi, endi.
Eldəniz harda qaldı?
Hankı diyarda qaldı?
Xəstə atası Çolpan
Ürəyində həyəcan
Baxdı uzun yollara,
Qərib, məhzun yollara.
Qaranlıq endi, endi,
Atası şübhələndi...
Ay doğdu çiçək-çiçək,
Ulduzlar titrəşərək,
Gecəyə can verdilər,
Bir həyəcan verdilər...
 
Qoca Çolpan bir neçə 
Kəndliylə getdi tezcə
Əkinlərinə sarı.
Göyün işılqanları
Ətrafı partladırdı,
Onun qəlbi atırdı.
Eldənizddən xəbər yox,
Izindən bir əsər yox...
 
Bu gücə qoca Çolpan
Ruhunda cahan-cahan
Ayrılıq sitəmləri,
Bir cür açdı səhəri.
Erkəndən həzin-həzin
Dərdilə Eldənizin
Sinəsi qalxdı, endi,
Gəzdi bir neçə kəndi.
Eldənizdən xəbər yox,
Izindən bir əsər yox...
 
Dağ başında bir çoban:
“yazıq, zavallı Çolpan
Görsə, ürəyi çatlar”,
Deyərək, çəkdi bir car.
Kəndlilər dəstə-dəstə
Dırmandı qaya üstə.
Gəldi təlaşlı Çolpan,
Gözləri yaşlı Çolpan.
Başladı fəryadına,
Sarıldı övladına.
İşini bilən ilan
Çıxmadı yuvasından.
Çolpanın qəlbi yandı,
Bir ocaq kibi yandı,
Dedi:- “İlan ilandır,
İnsanlığa düşmandır.
Ağı bir, qarası bir...
Hamsının yarası bir...”
 
Sonra sabah erkən
Bu dəhşətdən göynəyən
Kəndlilər dəstə-dəstə
Çıxdılar qaya üstə.
Ürəklərində təlaş,
Əllərində yaraq, daş...
Qıvrılaraq bu ilan
Çıxarkən yuvasından,
Tez üstünü aldılar,
Başına daş saldılar.
Doğradılar, əzdilər,
Tək görə bilməzdilər
Əlbəttə ki, bu işi.
Bağırdı Çolpan kişi:
- “Qayanı yıxmalıyız,
Ağ günə çıxmalıyız”.
 
Çarpışıb haftalarca
Qayanı parça-parça
Doğradılar, tökdülər,
Yerli-dibli sökdülər;
Üzə çıxdı xəzinə.
Kəndlilərin gözünə,
Yeni bir işıq gəldi;
Şadlıq səsi yüksəldi;
Sevindilər, güldülər,
Xəzinəni böldülər.
 
Çox zaman Eldənizin
Dərdilə həzin-həzin
Yanıb inildədilər,
Nifrət olsun,- dedilər,-
Zəhərli ilanlara,
Xalqı aldadanlara!
Coşdular, titrədilər,
Nifrət olsun, - dedilər,-
Yoxsulları aldatan,
Ömrünə xələl qatan,
Şahlara, sultanlara,
Dövlətli ilanlara!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR