Məşğulluq mərkəzlərinin göndərdiyi işlə təmin olunmuş şəxslərə əməkhaqqı ödənilməsində yeni qayda
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 616 №-li qərarı ilə “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, işəgötürənlər Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş işsiz vətəndaşları işə qəbul etdikləri zaman müəyyən müddət ərzində (3, 6, 9 və ya 12 ay) həmin işçilərin əməkhaqlarının bir hissəsi (50 faiz) işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin proqramda iştirak etmək istəyən işəgötürənlərin müraciət etdikləri vaxta qədər ən azı bir il fəaliyyət müddəti olmalı və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi, digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Həmçinin son bir ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olanlar təşkil edən, vakansiya bankına müvafiq məlumatları təqdim edən, kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan işəgötürənlər proqramda iştirak edə bilərlər.
Əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək üçün müraciət etmiş işəgötürənlər nəzərdə tutulan iş yerləri üzrə vakansiyaları ən azı üç ay əvvəl vakansiya bankına təqdim etməlidirlər.
Hər bir işəgötürən üzrə əməkhaqlarının maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının beş faizindən çox ola bilməz. Eyni zamanda, işəgötürənlər həmin proqram çərçivəsində rayon (şəhər) Məşğulluq Mərkəzinin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə proqram başa çatdıqdan sonra ən azı bir il ərzində (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) xitam verməməlidirlər.
Proqramda iştirak etməkdə maraqlı olan işəgötürənlərin rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət