Slimfit
  1. MEDİA

Laçın dəhlizi varsa, Qarabağdan Ermənistana niyə yeni yol çəkilməlidir?

Laçın dəhlizi varsa, Qarabağdan Ermənistana niyə yeni yol çəkilməlidir?
Sakura

Laçın dəhlizi varsa, Qarabağdan Ermənistana niyə yeni yol çəkilməlidir?

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

II Qarabağ savaşının həlledici mərhələsində Rusiyanın “ağ dəbilqəli” ordusunun “boz papaqda” gecəyarı hay-həşirlə Azərbaycan ərazisinə daxil olmasını, işğalçı XI qızıl ordu, həmçinin, 20 yanvar 1990-cı ildə Bakını qana boyayan sovet ordusuna bənzədərək ehtiyatlananları gərək heç kim qınamasın. Çünki vətəninə “soyuq küləyin” daim qüzeydən əsdiyini yaxşı bilən Azərbaycan xalqı torpağına bu dəfə də gələnlərin məramının nə qədər sülh olacağına ürəkdən inanmamaları təbidir.

İndi öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşmiş millətin ruhdan düşməməsi, daha da güclü olması və onun narahatlığana birdəfəlik son qoyulması üçün, rəsmi Bakı 10 noyabrda razılaşdırılmış üçtərəfli bəyannamənin detallarını diplomatik dildə deyil, məhz hər kəsin anlaya biləcəyi dildə şərh etsə, bu, daha yaxşı olar.

Doğrudur, bu sənədin bir sıra bəndləri aydın olsa da, ancaq onun 6-cı bəndində qeyd edilən, “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”, ifadələri cəmiyyətdə bir sıra suallar doğurur.

Məsələn, Ermənistanla Qarabağ ermənilərinin gediş-gəlişi üçün Laçın dəhlizi varsa, onlara niyə ayrıca yeni yol çəkilməlidir? Rusiya sülhməramlı kontingentinin 3 ildən sonra Laçın dəhlizindən o yeni yola köçürülərək yerdəyişmə etməsi bu yolla birgə Dağlıq Qarabağı gələcəkdə Azərbaycandan qoparmağa hesablanmayıbmı?

Bundan başqa, əgər bəyannamənin 7-ci bəndində - “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”, deyilirsə, niyə adı çəkilən bu qurumun iştirakı olmadan son iki-üç gündə artıq 725 erməni Xankəndinə qaytarıldı? Onların keçmiş Azərbaycan SSR-i vətəndaşı olub-olmadığını yoxlayan oldumu?

Əlbəttə, bu kimi şübhədolu suallar yaransa da, ancaq Azərbaycan cəmiyyəti öz şanlı Ordusunun və Ali Baş Komandanının 44 gün ərzində qazandığı nailiyyəti çox yüksək qiymətləndirir. Hər kəs yaxşı anlayır ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı əvvəlki illərdəki durumu müqayisə edəndə, yəni az qala Madrid prinsipləri üzrə 3 və ya 5 rayon əvəzində ermənilərə ən yüksək statust, həmçinin, öz müqəddəratlarını referendum yolu ilə müəyyən etmək təklifi verilməsi kimi cansıxıcı və canüzücü məsələləri çözələyəndə sevinməyə əsas çoxdur: Azərbaycan BMT və digər beynəlxalq təşkilatlar, həmçinin dünya ölkələri tərəfindən tanınmış öz suveren ərazi bütövlüyü hüququnu özündə saxlayır, işğalda qalan 3 böyük rayon Ağdam, Kəlbəcər və Laçın müharibəsiz azad olunur, Dağlıq Qarabağda yaşayacaq ermənilərə hər hansı bir statust və ya muxtariyyat verilməsi nəzərdə tutulmur, neçə illərdir blokadada qalmış Naxçıvana yol açılır, Azərbaycan Naxçıvana getmək üçün İrana ödədiyi “torpaqbasdı” xərcindən azad olunur və ən nəhayət, Türkiyə ordusu Qarabağ bölgəsinə gəlir. Türkiyə ordusunun Azərbaycana, xüsusəndə Dağlıq Qarabağda Rusiya sülhməramlıları ilə müşahidə-monitorinq mərkəzində fəaliyyəti, üstəlik ola bilsin birgə patrul xidməti aparması əvvəl-axır Xankəndində Azərbaycan bayrağının dalğalanacağına böyük ümid yaradır.

Sözsüz ki, Rusiya telekanallarında reytinq xatirinə səhnələşdirilən siyasi tok-şoularda çıxış edən bir sıra şovinist teleaparıcı və siyasətbazların çıxışları Azərbaycan cəmiyyətini öz təsiri altına almamalıdır. Hər kəs bilməlidir ki, bu sözbazlar nə qədər Türkiyənin və Azərbaycanın əleyhinə çərənləsələr də, ancaq əslində geosiyasi baxımdan ABŞ-a və bir neçə Avropa ölkəsinə qarşı döyüşdə Rusiya və Türkiyə eyni səngərdədir.

Digər baxımdan da qərb tərəfindən daim sanksiya ilə təhdid edilən iki dövlət - Rusiya və Türkiyə ötən illər ərzində əldə etdikləri hər türlü qarşılıqlı münasibətlərinin üstündən xətt çəkib onu bir topa həyasız haya görə korlaması inandırıcı deyil. Bununla yanaşı, indi XX əsr deyil, Rusiya Türkiyənin hərbi gücünü yaxın şərqdə lap yaxından gördü və V.Putin hörmətli, R.T.Ərdoğan başda olmaqla Türkiyə diplomatlarının siyasi iradəsinə yaxşı bələddir.

Sözsüz ki, indi bütün Azərbaycan xalqının bir istəyi var: kaş ki, Qarabağda, xüsusən də Xankəndində yaşayacaq ermənilər öz yırtıcılıqlarından əl çəkib əhilləşə biləydilər. Eyni zamanda, Azərbaycan torpağına – Dağlıq Qarabağa sülh donunda gələn Rusiya sülhməramlıları 5 ildən sonra çevrilib Qarabağ üçün 11-ci qızıl ordu olmayaydılar.

Bu üzdən də 30 ilin həsrətinə 44 gün ərzində son qoyan, II Qarabağ savaşından qalib çıxmış rəşadətli Azərbaycan ordusunun şücaətinə cəmiyyətdə tam sevinənlərlə yanaşı, “diplomatik döyüşdə heç də mütləq qələbə qazanılmadı”, - deyə, şübhə içində qalanları anlaşıqla qəbul etmək, Azərbaycanın ərazi bütövlüyünü son qarışınadək azad etmək naminə xalqın mövcud birliyini qorumaq və onu daha da möhkəmləndirməyə ən ali iş kimi baxmaq lazımdır.

Mənbə: modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR