Dərc edildi: Baxış sayı: 1227
Ermənilərin başına 50 min dollar pul mükafatı qoyduğu qəhrəman- Qarabağın “Səddam”ı...
Qarabağ savaşında şəhid olan hərbçilərimizdən biri də Milli Qəhrəman, “Səddam” ləğəbi ilə tanınan Eldar İsfəndiyar oğlu Həsənovdur.
Moderator.az saytı olaraq bu dəfə qəhrəmanımızın döyüş yolunu varaqlamaq üçün doğulduğu Cəlilabad rayon Lallar kəndinə yollandıq.
İlk öncə onu qeyd edək ki, Lallar kəndində 600 nəfərə yaxın əhali yaşayır. Ümumilikdə kənddə 78 ev var. Burda yerli əhalini “Canşalı” da adlandırırlar. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbənin verdiyi məlumata görə on doqquzuncu əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olub.
Lallar kəndində bizi şəhidimizin böyük qardaşı Mirvahid Həsənov qarşıladı və bizim gəlişimizə çox sevidiyini bildirdi. Elə söhbətimizə şəhidimizin qardaşıyla başladıq. M.Həsənov deyir ki, Eldar evin kiçik qardaşı olub:
“Hərbi xidmətdən sonra kəndə qayıdıb bir müddət sürücü işlədi...”
“Evin böyük övladı bacımdır, ondan sonra dörd qardaş biz dünyaya gəlmişik. Eldar evin kiçik oğludur. O, 1965-ci il dekabrın 26-da andan olub. Məndən beş yaş kiçikdir. Atamız dünyasını dəyişəndə Eldarın 14 yaşı var idi, o, Lallar kəndindəki dörd illik məktəbi bitirdikdən sonra Cəlair kəndində on illik məktəbi oxudu. 1984-cü ildə hərbi xidmətə yollandı və Monqolustanda əsgəri xidmətini başa vurarkən sürücülük kurslarında oxudu. Hərbi xidmətdən sonra kəndə qayıdıb bir müddət sürücü işlədi”.
Mirvahid bəy deyir ki, Eldar idarə etdiyi maşını kolxoza təhvil verib Bakıya getdi və bundan sonra onun döyüş yolu başladı:
“Xüsusi fərqləndiyinə görə ona komandiri “Səddam” ləğəbini vermişdi...”
“1990-cı ildə Bakıya getdi və Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazıldı. Bununla yanaşı, sənədlərini Polis Akademiyasına verib qiyabi təhsilini davam etdirdi. İlk əməliyyatı Balakəndə oldu və orda dövlət çevrilişinə cəhd edən dəstənin zərərzisləşdirilməsində xüsusi fərqləndiyinə görə ona komandiri “Səddam” ləğəbini vermişdi. Sonra isə Qabağ müharibəsinə yollandı. Döyüşdüyü dörd il ərzində həmişə evə məzuniyyətə gəlirdi.
“Onu öldürmək üçün düşmən Eldar başına 50 min dollar pul mükafatı qoymuşdu...”
Anam çox narahat idi, hətta o, dayımız qızına nişanlı idi. İstəyirdik ki, toyunu edək, amma hər dəfə müharibə gedir deyərək vaxtı uzadırdı. Onun iki arzusu var idi, ya şəhid olub zirvələrə ucalmaq, ya da ailə qurub yaşamaq. Eldar bunlardan birinə çatdı və şəhid oldu. Eldar Qarabağ müharibəsində ancaq kəşfiyyata gedir, əməliyyat planları hazırlayırdı. Əməliyyatı da qabaqcadan heç kimə deməzdi. Hətta ermənilər də onu “Səddam” kimi tanıyırdı. Onu öldürmək üçün düşmən Eldar başına 50 min dollar pul mükafatı qoymuşdu. Hətta o, Milli Qəhrəman Salatın Əsgərovanı şəhid edən erməniləri tutaraq bizim tərəfə təhvil verib.
“Onun sonuncu döyüşü Horadiz əməliyyatı oldu...”
Qarabağın elə bir yeri yoxdur ki, Eldar orda əməliyyat aparmasın. Amma onun sonuncu döyüşü Horadiz əməliyyatı oldu. 1994-cü ilin may ayının 10-da Eldarın yaralandığını dedilər. Mayın 11-də isə Eldar şəhid oldu. Mayın 12-də onu doğulduğu Lallar kənd qəbiristanlığında böyük izdihamla onu dənf etdik. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə ölümündən sonra Eldara “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
“Əziz Əzizov 2007-ci ildə Eldarın büstünü həmin yerdən götüzdürdü...”
Eldar şəhid olanda Polis Akademiyasının dördüncü kursunda oxuyurdu. 1994-cü ildə Cəlilabad rayon Polis İdarəsinin həyətində Eldarın büstü qoyuldu. Amma Cəlilabad rayonuna icra başçısı təyin edilən Əziz Əzizov 2007-ci ildə Eldarın büstünü həmin yerdən götüzdürdü. Buna bir şəhid ailəsi olaraq öz etirazımızı bildirsək də xeyiri olmadı. Eldarın büstü Kirovka kəndindəki orta məktəbin qarşısında qoyuldu”.
Şəhidimizin qardaşıyla söhbətimizdən sonra məzarını ziyarət etmək üçün kənd qəbiristanlığına yollandıq. Mirvahid bəy deyir ki, şəhidin məzar daşını da döyüşçü yoldaşları Bakıda hazırlayıb göndəriblər. Onun dəfn mərasimində atılan güllələrin patronları isə yadigar olaraq məzarının qırağına düzülüb. Şəhidimizin anası da vəsiyyətinə əsasən onun yanında dəfn edilib.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət