Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Mustafaqulu xan

Ənvər Çingizoğlu - Qaradağlılar/Mustafaqulu xan
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Mustafaqulu xan

Mustafaqulu xan Məhəmmədkazım xanın oğludur. Əhər şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. 1763-cü ildə, atasından sonra Qaradağda taxta çıxmışdı. Xanlığa yiyələnəndən sonra paytaxtı Dizmar mahalına, Kürdəşt kəndinə köçürdü. Kürdəşt kəndində ərzaq və sursatla tam təmin olunmuş qala vardı. Mustafaqulu xan Xoy qalasında zindanda yatmışdı. 1786-cı ildə Əhməd xan Dünbilinin öldürülməsi ilə bağlı azad olunmuşdu. Qaradağ xanlığı savaş zamanı yenilib, Qarabağ xanlığından asılı vəziyyətə düşdü. Bu savaş haqqında tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: «O (Ibrahimxəlil xan Sarıcalı-Cavanşir -- Ə.Ç). Öz qoşunu və zəfər nişanəli Dağıstan əsgərlərinin köməyilə Qaradağ mahalını aldı və Kürdəşt vilayətini … alt-üst etdi. Bu vilayətin divar, bürc və hasarlarının xarabalıqları indi də durur. Əhalisi qaçıb Əhərdə yerləşdi. Kürdəşt xanı Mustafa xan isə əsir düşdü. (Bax: Qarabağnamələr, 1-ci kitab, Mirzə Adıgözəl bəy, Qarabağnamə. Bakı, 1989. səh.49). Qaradağ-Qarabağ savaşı barəsində tarixçi Mirzə Yusif Qarabaği yazır: «Ibrahimxəlil xan Qaradağ vilayətini də həmin ləzgi qoşununun köməyi ilə zəbt etdi. Araz kənarında bir çox binaları və avadanlıqları olan və eyni zamanda Qaradağ vilayəti hakiminin əyləşdiyi yeri — Guruşt qalasını (Kürdəşt qalası—Ə. Ç) dibindən dağıdıb yerlə-yeksan etdi, oranın əhalisini başqa vilayətlərə köçürərək, pərən-pərən saldı. Ibrahimxəlil xan Guruşt (Kürdəşt—Ə. Ç.) hakimi Mustafa xanı tutub özü ilə gətirdi və Şuşa qalasında həbs etdi. Qaradağın bəzi mahallarını hədiyyə və bəxşiş olaraq sərkərdələrinə bağışladı ki, onun gəlirindən və xeyrindən istifadə etsinlər. (Bax: Qarabağnamələr. 2-ci kitab. Bakı, 1991, Mirzə Yusif Qarabaği. Tarixi-Safi. Səh. 24-25). Tarixçi Əhməd bəy Cavanşir də bu savaş haqqında danışıb. O yazır: «Ibrahim xan Qaradağlı Mustafa xanın Qarabağ üzərinə hücum etməsindən xəbər tutub Naxçıvanın mühasirəsindən əl çəkib və geri çəkilməyə hazırlaşır. Lakin Kəlbəli xan onun köməyinə gələn müttəfiqlərdən xoylu Cəfərqulu xan, balbaslı Məhəmmədşərif sultan və başqaları ilə birlikdə Qarabağlılar üzərinə yürüyüb süvariləri geri çəkilməyə məcbur edir, piyada qoşunu əzir və düşərgəyə soxulurlar. Məhəmməd bəy (Sarıcalı-Cavanşir--Ə.Ç.) az miqdarda nökərlərlə onların qarşısına çıxır və düşmənlərin hücumunu dayandırır, təkbətək vuruşmada Məhəmmədşərif sultanı öldürür və axşama qədər vuruşmanı davam etdirib, ara-sıra müvəffəqiyyət qazandırıb, nəhayət, onları geri çəkilməyə məcbur edir. Gecə Ibrahim xan da geri çəkilir. Məhəmməd bəy isə bir neçə nəfər nökərdən ibarət kiçik bir dəstə ilə 100 verstdən çox at çapıb, ertəsi gün axşamçağı Araz çayı sahilində hücumdan qayıdan Qaradağlıların yolunu kəsir, onların bütün talayıb gətirdikləri qəniməti, əsirləri, Mustafa xanın öz xüsusi yüklərini əllərindən alır və təkbətək vuruşmada başçılardan biri olan Səfərqulu bəyi öldürür, onun ardınca meydanda qardaşı Məhəmmədvəli sultanı yaralayıb əsir tutur. (Bax: Qarabağnamələr. 1-ci kitab, Əhməd bəy Cavanşir. Qarabağ xanlığının siyasi vəziyyətinə dair. Bakı.1989. səh. 177-178. Ətək yazısı) Bir müddətdən sonra Ibrahimxəlil xan Sarıcalı-Cavanşir Mustafaqulu xanı bağışlayıb, yenidən Qaradağa hakim təyin etdi. Mustafaqulu xan zindanda olduğu dönəmdə yerinə taxta əyləşən oğluna meneçilik etdiyi üçün qardaşı Nəcəfəli xanı tutmasını Ibrahimxəlil xana xahiş etdi. Ibrahimxəlil xan Nəcəfəli xanı tutub Şuşa şəhərində zindana atdı. Mustafaqulu xan Qarabağ xanının müttəfiqi idi. 1786-cı ildə rus qoşunlarının baş komandanı Qlaxa Sasanovu Ibrahimxəlil xanın yanına göndərmiş və onun Iranla münasibətini öyrənmək istəmişdi. Ibrahimxəlil xan ona bildirmişdi ki, o Xoy və Qaradağ xanları ilə birlikdə Təbriz üzərinə yürüş etmək fikrindədir. Osmanlı sultanı 1788-ci ildə Mustafaqulu xana hökm göndərib, Rusiya dövlətinə qarşı yürüşə çağırırdı. Mustafaqulu xan sonra Ibrahimxəlil xanın vassalığından çıxıb, Ağaməhəmməd xan Qovanlı-Qacarla əlaqə qurdu. 1791-ci ildə Təbrizə doğru irəliləyən Ağaməhəmməd xan yolu üstündəki Seyidabad adlı yerdə dayandı və xanlara elçilər göndərərək, öz uşaqları, qardaşları və arvadlarını ona itaət əlaməti olaraq girov göndərmələrini tələb etdi. Naxçıvan xanı öz qardaşını, Xoy xanı arvadlarından birini və qardaşını, Təbriz xanı 15 əyanını və varlı adamını, Ərdəbil xanı arvadını və qardaşını, Qaradağ xanı öz arvadını və oğlunu girov verdi. Marağa xanı öz arvadı və uşaqları, Şəqaqi Sadıq xan isə öz qoşunu ilə birlikdə Ağaməhəmməd xanın düşərgəsinə gəldilər. Ağaməhəmməd xan xanların üzərinə illik xərac təyin etdi. Qars mühafizi Nüman paşanın yazdığına görə, Ağaməhəmməd xan Təbrizə 6 saatlıq məsafədə olan Müşkənbər (Qaradağdadır—Ə. Ç.) çölünə gələrək Azərbaycan xanlarından Qaradağlı Mustafa xanı, Marağalı Əhməd xanı, Xoylu Hüseynqulu xanı, Urmiyalı Məhəmmədqulu xanı və bəzi bir neçə ayrı xanları özünə itaətə razı salmışdı. (Bax: Osmanlı dövləti ilə Azərbaycan türk xanlıqları arasındakı münasibətlərə dair arşiv bəlgələri, 1-ci cild, Ankara, 1992, səh.134) Mustafaqulu xanın Ismayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Sadatqulu xan adlı oğulları vardı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR