Slimfit
  1. COĞRAFİYA

Azərbaycan ABŞ-ın İranla bağlı istəyinə necə cavab verəcək?

Azərbaycan ABŞ-ın İranla bağlı istəyinə necə cavab verəcək?
Sakura

ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton İran məsələsində…

ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton İran məsələsində dəstək almaq üçün Qafqaza səfər edib.

O, Azərbaycanda çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan prezidenti ilə İranın "regiona təhlükəsi, terrozimə dəstəyi, nüvə silahlarını işləməsinə dair davranışlardan çəkindirmək cəhdlərinin gücləndirilməsini" müzakirə ediblər.

Ermənistana səfəri zamanı isə o, Azadlıq Radiosunun erməni xidmətinə verdiyi müsahibəsində İranla sərhəd olan Qafqaz dövlətlərindən nə istədiyini daha açıq vurğulayıb:

"Biz İrana maksimum təzyiq qoyulmasını istəyirik, çünki o, nüvə silahlarından əl çəkməyib. İran beynəlxalq terrorçuluğun əsas bankiri olaraq qalır. Biz onun ballistik raket proqramlarından, Suriyada, İraqda, başqa yerlərdə apardığı əməliyyatlardan narahatıq".

Noyabrın 5-dən ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi qüvvəyə minir.

Bu mərhələdə İranın neft satışına qadağa qoyulacaq. Eyni zamanda İranın neft-kimya sənayesinə, gəmiçilik sektoruna və maliyyə-bank sektoruna da sanksiyalar tətbiq olunacaq.

Rəsmi Bakının davranışı

Azərbaycan İran məsələsində hansı mövqeyi tutacaq? John Bolton İlham Əliyevdən hər hansı vəd alıbmı?

John Bolton nə Azərbaycanda, nə də Ermənistanda keçirdiyi mətbuat konfransında region dövlət rəhbərlərindən hər hansı vəd alması barədə danışmayıb, sadəcə, ABŞ-ın İran məsələsində nə istədiyini vurğulayıb.

ABŞ bundan əvvəl də İranı nüvə layihəsinə görə cəzalandırmış, bu dövlətə müxtəlif sanksiyalar tətbiq etmişdi, ancaq o zaman Qafqaz respublikalarından xüsusi mövqe göstərməyi istəməmişdi. Amma bu dəfə vəziyyət əvvəlkilərə bənzəmir.

ABŞ müstəqillik qazanandan bəri dəstəklədiyi Azərbaycandan "mövqe" istəyir.

Rəsmi Bakı John Boltonun İranla bağlı Azərbaycandan gözləntilərini hələlik şərh etməyib.

Azərbaycan Prezident Adminstrasiyasının xarici siyasət məsələləri şöbəsinun müdir müavini Hikmət Hacızadə Azərtaca açıqlamasında John Boltonun səfərini yüksək qiymətləndirsə də, İran müzakirəsində detallara varmayıb.

O, sadəcə, ümumi sözlərlə bunu vurğulayıb ki, İlham Əliyev cənab Boltonla görüşdə "Azərbaycanın qonşu dövlətlərlə işgüzar və dostluq münasibətləri" olduğunu qeyd edib.

Rəsmi dövlət agentliyi olan Azərtac isə heç bir məlumat verməyib.

Bəs Azərbaycan İran məsələsinin üstündən sükutla keçə biləcəkmi?

Bu sualın cavabına keçməzdən öncə Azərbaycan-İran münasibətlərini gözdən keçirək.

Yenicə çicəklənən münasibətlər

Son illərdə bu münasibətlər inkişaf edən xətlə irəliləyib: bu ilin mayında İran prezidenti Həsən Ruhani-nin Azərbaycana səfəri zamanı hər iki ölkə arasında energetika, nəqliyyat, iqtisadiyyat və turizm sahəsində müxtəlif sənədlər imzalanıb.

İran rəsmiləri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara dəmiryolu xəttinin də istifadəyə verilməsindən sonra İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcminin 2 milyard dollara çatacağını proqnozlaşdırırlar.

Hazırda iki ölkə arasında ticarət mübadiləsinin miqdarı gömrüklər vasitəsilə 500 milyon, neft ixracatı üzrə 350 milyon, turizm sektorunda isə 400 milyon dollara çatıb, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bir müddət öncə İranın Rəşt şəhərində iş adamları ilə keçirdiyi görüşdə deyib.

Bu il martın ortalarında Tehrana səfər edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın Azərbaycana 3.1 milyard həcmində investisiya yatırdığını bildirmişdi.

Azərbaycanın İranla xarici ticarət dövriyyəsi ümumi dövriyyədə hələ ki, cüzi görünsə də, iqtisadi münasibətlər ABŞ-ın İrana qarşı nüvə layihəsi üzündən qoyulmuş və uzun müddət çəkən sanksiyaların götürülməsindən sonra canlanmışdı.

"Birgə fəaliyyət" gözləntisi…

Ancaq indi planlar sual altına düşür. Bu dəfə Azərbaycandan İrana qarşı "birgə fəaliyyət" gözləntisi var. Özü də strateji müttəfiqdən…

Azərbaycan "birgə fəaliyyət"ə maraq göstərəcəkmi? Açıq tezislə desək, rəsmi Bakı ABŞ-ın İrana sanksiya tətbiqində kimin yanında dayanacaq?

"Azərbaycan neytrallığını qorumağa çalışacaq"

"Azərbaycanın İranla münasibətləri son illər inkişaf edir və Azərbaycan çalışır ki, İran və Amerika, eləcə də Rusiya və Amerika arasındakı rəqabətdə neytral qalsın. Hesab edirəm ki, rəsmi Bakı bu dəfə də balans siyasətinə sadiq qalmağa çalışacaq. Bu münaqişədə tərəf tutmayacaq", siyasi məsələlər üzrə təhlilçi Şahin Cəfərli belə düşünür.

Təhlilçi onu da əlavə edib ki, Amerika sanksiyalara əməl etməyən ölkələrə də sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

"Ona görə də hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu məsələdə mümkün qədər ehtiyatla hərəkət edəcək ki, Amerikanın sanksiyalarının tələbləri altına düşməsin, təhlilçi deyib.

"Azərbaycan Vaşinqtonun çubuğu ilə İranla münasibətləri kəsməyəcək"

"Azərbaycan İrana tətbiq olunacaq sanksiyalar məsələsində heç kimi dəstəkləmək fikrində deyil, yalnız beynəlxalq hüquqa uyğun şəkildə davranır", millət vəkili Rasim Musabəyov BBC News Azərbaycancaya deyib.

O hesab edir ki, ABŞ-ın sanksiyaları Azərbaycan-İran münasibətlərində müəyyən məhdudiyyətlərə səbəb olacaq: "Əgər İranı pul köçürmə sistemindən xaric etsələr, dollarla əməliyyat keçirmək mümkün olmasa, təbii ki, bizim ticari dövriyyəmiz azalacaq".

Rasim Musabəyov deyir ki, ABŞ, məsələn, Meksikaya sanksiya tətbiq etsə, Azərbaycan daha rahatlıqla buna qoşula bilər, çünki uzaqdır, amma qonşuluqdakı ölkədən "Vaşinqtonun çubuğu ilə" üz çevirmək mümkün deyil: "İki ölkə arasında əsrlik əlaqələr var. Ona görə də ABŞ-la münasibətləri pisləşdirməmək üçün müəyyən məhdudiyyətləri nəzərə alacağıq, lakin Vaşinqtonun çubuğu ilə İranla münasibətləri kəsmək, xeyr, düşünmürəm ki, Azərbaycan buna gedəcək".

Millət vəkili əlavə edir ki, Azərbaycanın sanksiyaya düşəcək dövriyyəsi yoxdur: "Azərbaycanın İranla dövriyyəsi daha çox sərhədyanı ticarətdir, Azərbaycan İrandan istifadə edərək Naxçıvanı zəruri ləvazimatlarla təmin edir".

"İranla əlaqələr hər bir halda qalacaq"

Rasim Musabəyov deyir ki, İran Azərbaycanın sanksiyalar siyahısından çıxarılan Şahdəniz layihəsində var və onu bu layihədən uzaqlaşdırmaq mümkün deyil: "BP ABŞ və İngiltərənin birgə müəssisəsidir və layihənin operatorudur. İndi İran orada iştirak edir deyə BP-yə sanksiya tətbiq etsinlər? Digər məsələlərə gəlincə, İran Naxçıvanı qazla təmin edir. Müqabilində biz İrana öz xəttimizdən qaz veririk. Heç kim buna görə Azərbaycana sanksiya tətbiq edə bilməz", Rasim Musabəyov bildirib.

Millət vəkili düşünür ki, BMT-nin İrana sanksiyaları olanda belə Azərbaycanın İranla əlaqələri var idi və bu əlaqələr "hər bir halda qalacaq".

Digər bir millət vəkili Aydın Mirzəzadənin isə bircə cavabı var: Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında "indiyə qədər hansı mövqeni tutmuşdusa, bundan sonra da onu davam etdirəcək".

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR